Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa İttifaqı (Aİ) ilə strateji tərəfdaşlığa dair yeni sazişin imzalanmasını Bakı və Brüssel arasında əməkdaşlığın gündəliyində əsas məsələ hesab edir.
"Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Aİ ilə bərabərhüquqlu əməkdaşlıq qurmaqdır. Ötən il gündəmimizin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən çox məhsuldar olub. Bugünkü əməkdaşlığın əsas hədəfi yeni sazişin imzalanması ilə bağlıdır", - deyə o, bu gün Bakıda Rumıniyanın Aİ Şurasında sədrliyinə həsr olunmuş tədbirdə bildirib.
M.Məmmədquliyevin sözlərinə görə, Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlər Azərbaycan-Aİ münasibətlərində mühüm rol oynayır. "Biz buna böyük əhəmiyyət veririk. Biz enerji sahəsində iri layihələr (TAP, TANAP qaz kəmərlərinin tikintisi) reallaşdırırıq. 2020-ci ildə Azərbaycan qazı İtaliyaya daxil olmağa başlayacaq. Bizim layihələrimiz bütün dünyanın enerji xəritəsini dəyişəcək", - deyə nazir müavini vurğulayıb.
O qeyd edib ki, Azərbaycan həm də Avropanı Asiya ilə bağlayacaq bir neçə iri nəqliyyat-logistika layihəsinin təşəbbüskarı və iştirakçısıdır.
Xəbər verildiyi kimi, Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.*
F.İsazadə