Fevralın 20-də Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısında iştirak məqsədilə Bakıya səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri rəhbəri Kestutis Yankauskas məlumat verib.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci toplantısında Aİ-ni Günter Ottinger təmsil edəcək”, - K.Yankauskas bildirib.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının əvvəlki toplantılarında Aİ-ni Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç təmsil edib. Lakin, M.Şefçoviç Slovakiyada prezident seçkilərində namizəd qismində iştirakı ilə əlaqədar 2019-cu il fevralın 1-dən martın 17-dək ödənişsiz məzuniyyətdədir.
Xəbər verildiyi kimi, fevralın 20-də keçiriləcək toplantıda CQD layihəsinin reallaşmasına cəlb olunan ölkə və şirkətlərin nümayəndələri, həmçinin bir sıra beynəlxalq təşkilatların iştirakı planlaşdırılır.
Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə keçən il fevralın 15-də keçirilib.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin dəyəri $41,5 mlrd. təşkil edir.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz nəqlinə 2018-ci ilin yayında başlanılıb.**
F.İsazadə, N.Abbasova