Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirmək üçün tam döyüş qabiliyyətlidir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu nazir Zakir Həsənov deyib.
“Azərbaycan Ordusunun hazırkı vəziyyətinə gəlincə, o tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır”, - deyə o, Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Orduda aparılan islahatlar onun əməliyyat, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə yeni şərait yaradıb.
“Ən əsası odur ki, ordunun döyüş qabiliyyətini təyin edən mütəxəssislərin 70 faizi gənclərdir”, - deyə Z.Həsənov vurğulayıb.
Müdafiə naziri bildirib ki, ordunun güclənməsi ölkə başçısının fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.*
R.Babayev