Fevralın 4-5-də iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
«Bu gün Daşkəndə yola düşəcək Azərbaycan nümayəndə heyəti 4-5 fevral tarixlərində Özbəkistanın müxtəlif qurumları ilə danışıqlar aparacaq. Görüşlərdə əsas diqqət həm də nəqliyyat sahəsində əməkdaşlığa ayrılacaq», - deyə məlumatda bildirilir.
Nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin bir sıra istehsalçı şirkətlərin rəhbərləri daxildir.
Azərbaycan nümayəndə heyətinin bəzi üzvlərinin Özbəkistanın baş naziri Abdulla Aripov və baş nazirin müavini Eler Qəniyevlə görüşü gözlənilir. Həmçinin nümayəndə heyətinin üzvləri Özbəkistanın müvafiq nazirlik və şirkətlərinin rəhbərləri ilə də görüşlər keçirəcək, istehsalat sahələrinə baş çəkəcək.*
B.Rüstəmbəyov