“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansın sədri Elmar Məmmədov hesab edir ki, Ukrayna prezidenti Petro Poroşenko Umud və Sabir Şirinov qardaşlarının fədakarlığını diqqətdən kənarda qoymamalıdır.
“Şirinov qardaşlarının qəhrəmanlığının Azərbaycan prezidenti İlham Əliyev tərəfindən diqqətdən kənar qalmaması sevindirici faktdır. Çox ümid edirik ki, Ukrayna prezidenti də onların igidliyini diqqətdən kənarda qoymayacaq”, - E.Məmmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, qardaş.ların göstərdiyi qəhrəmanlıq “bütün azərbaycanlıların fəxr mövzusudur”.
Bununla əlaqədar, “Azərbaycan-Ukrayna” Alyansı onları Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov medalı ilə təltif edib.
Xəbər verildiyi kimi, Ukraynanın Nikolayev şəhərində yaşayan Şirinov qardaşları yanvarın 19-da yanan avtomobildən 2 yaşlı uşaq daxil olmaqla üç nəfərdən ibarət ailəni xilas ediblər.
Prezident İlham Əliyev fevralın 1-də Umud və Sabir Şirinov qardaşları ilə və onlara “İgidliyə görə” medalını təqdim edib.
“Siz çox böyük şücaət göstərmisiniz. Köməksiz vəziyyətdə olan insanları xilas etmisiniz. Öz həyatınızı risk altına salmısınız. Bu, doğrudan da çox böyük əks-səda doğurub. Əlbəttə ki, sizin bu qəhrəmanlığınız Azərbaycan xalqı haqqında daha da dolğun təsəvvür yaradılmasına xidmət göstərir. Doğrudan da xalqımızı ləyaqətlə təmsil etmisiniz”, - dövlət başçısı bildirib.**
F.İsazadə