Fransanın “Alstom” şirkəti 2021-ci ilin sonunadək “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə Azərbaycana 37 elektrovoz tədarük edəcək. Bu barədə “Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Pell məlumat verib.
“Gələcək 3 il ərzində iki iri proqram üzərində çalışacağıq: “Qazaxstan temir jolı” SC üçün lokomotivlərin istehsalı və ADY üçün lokomotivlərin istehsalı və tədarükü. Sifarişçilərlə mövcud planlara əsasən, 2021-ci ilin sonunadək “Qazaxstan temir jolı”ya 88 elektrovoz və Azərbaycana 37 elektrovoz tədarük olunacaq”, - B.Pell Qazaxıstanın “Atameken Вusiness” nəşrinə bildirib.
“Alstom Transportation S.A.” şirkəti ilə 12 may 2014-cü il tarixində bağlanmış müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC “Alstom” şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanlı lokomotiv alacaq. Bu lokomotivlərin 40-ı yük, 10-u isə sərnişin daşımalarında istismar olunacaq.
Fransanın “Alstom” şirkəti Bakı-Tbilisi-Qars (BTQ) regional dəmir yolu xəttində işləyəcək 40 yük lokomotivindən birincisini “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə çatdırıb. “Qazaxıstanda “EKZ” Müştərək Cəmiyyətində istehsal olunan lokomotiv 7 dekabr tarixində Astanadan yola salınaraq Azərbaycana, Biləcəri qəsəbəsinə gətirilib. AZ8A Azərbaycan üçün işlənib hazırlanmış Prima T8 ağır yük lokomotividir. O, hazırda Qazaxıstanda xidmət göstərən KZ8A lokomotivlərinə və ADY-nin spesifik texniki tələblərinə əsaslanır, GOST (Müstəqil Dövlətlər Birliyinin texniki standartlaşdırma təşkilatı) standartlarına və göstəricilərinə uyğundur.
Səkkiz oxu olan Prima T8 dünyada ən güclü elektrik lokomotivlərindən biridir. Bu model quraşdırılmış 8,8 meqavatt davamlı güc ilə 9000 tona qədər yükü yedəyə almağa və saatda 120 km sürətlə hərəkət etməyə qadir olan iki hissəli yük lokomotividir. AZ8A -25°C - 50°C temperaturlarda fəaliyyət göstərmək üçün layihələndirilib. O, minimal texniki xidmət tələb edir və modulyar dizaynı sayəsində yüksək səviyyədə etibarlılıq, eləcə də aşağı istismar müddəti xərcləri ilə əlaqədar tələbləri təmin edir.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabr ayının 30-da istismara verilib. Hazırda bu marşrutla yük daşımaları həyata keçirilir. İlkin mərhələdə yük daşımaları illik 5 mln. ton həcmində nəzərdə tutulur, gələcəkdə isə bu göstəricinin illik 15-17 mln. tonadək artacağı gözlənilir.**
N.Abbasova