Fevral ayında Bakıda Xarici İşlər Nazirliklərinin himayəsi altında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə xüsusi İşçi Qrupunun ilk iclası keçiriləcək.
“İşçi Qrupunun ilk iclasının fevralda Bakıda keçirilməsi planlaşdırılır”, - “İnterfaks-Azərbaycan” agentliyinə XİN-nin mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, hazırda iclasın tarixi dəqiqləşdirilir.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə xüsusi İşçi Qrupunun iclasının 2018-ci ilin noyabr ayında keçirilməsi planlaşdırılsada, bir neçə dəfə təxirə salınıb.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb.
Sənədə əsasən, Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İranın Xəzərin statusu ilə bağlı mövqelərinin 22 ildir davam edən razılaşdırılması prosesi başa çatıb.
Konvensiya bütün iştirakçılar tərəfindən imzalandığı andan etibarən qüvvəyə minir. Sənəd müddətsizdir.**
F.İsazadə