“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun hazırlanmış vergi bəyannamələrinin auditi üzrə xidmətlərin tədarükçüsünü cəlb etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“AİŞ vergi bəyannamələrinin auditi üzrə xidmətlərin satın alınması ilə əlaqədar kotirovka sorğusu elan edib. Təkliflər 7 fevral saat 17:00-dək qəbul olunur”, - deyə məlumatda bildirilir.
Maraqlanan təşkilatlar (+994 12) 488-80-10 telefon nömrəsi ilə əlaqə saxlaya bilər.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.*
Ə.Məmmədov