Azərbaycan və “Formula 1” yarışları arasında əməkdaşlığın müddətinin uzadılması haqqında müqavilə “Azərbaycan Qran-prisi”nin uğurunu nümayiş etdirir. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov deyib.
“"Formula 1” yarışlarının keçirilməsi haqqında müqavilənin üç il müddətinə uzadılması “Azərbaycan Qran-prisi”nin uğuruna dəlalət edir və bu gün biz əminik ki, gələcəkdə daha çox uğur əldə edəcəyik", - deyə A.Rəhimov bu gün "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı konfransda bildirib.
O qeyd edib ki, Bakıda keçirilən yarışlar onların Azərbaycan və “Formula 1” üçün faydalarını nümayiş etdirib.
"Azərbaycanın turizm potensialının inkişafı üçün çoxlu perspektiv sahələr var. Turizmin inkişafı baxımından biz təkcə qonşularımızla deyil, bütün dünya ilə rəqabət aparırıq. Hesab edirəm ki, turizm sektorunun inkişafı üçün Azərbaycanın və ya “Formula 1”in potensialından hələ tam istifadə etmirik", - deyə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru, Dövlət Turizm Agentliyinin baş məsləhətçisi Florian Zenqstşmid vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq idman yarışlarının təşkili bu məsələdə böyük rol oynayır.
Azarkeşlərin 73%-i “Azərbaycan Qran-Prisi”nin çox maraqlı olduğunu düşünür. Liberty Media tərəfindən "Formula 1"in alınmasından sonra yarışların daha çox sayda tamaşaçı üçün yayımı həyata keçirilir. Biz “Formula 1”i dünyanın 200 ölkəsində yayımlayırıq", - deyə “Formula 1”in işgüzar qurumlarla əlaqələr üzrə baş meneceri Emili Prazer bildirib.
O, “Formula 1”in sosial şəbəkələrdə "ən sürətlə inkişaf edən" idman olduğunu vurğulayıb.*
R.Babayev