2018-ci ildə bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli 9,4% - 10,692 mlrd. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Məlumata əsasən, 1 yanvar 2019-cu il tarixinə Bakıda borcalanlara verilən kreditlərin həcmi respublika üzrə bankların bütün kredit qoyuluşlarının 82,1%-ni təşkil edir. Ümumilikdə paytaxtda banklar tərəfindən kreditlər orta hesabla illik 10%, respublika üzrə isə 11,8% dərəcəsi ilə verilir.
2019-cu il yanvarın 1-nə Bakıda milli valyuta ilə verilmiş kreditlərin həcmi 6 mlrd. 41 mln. 119,3 min manat, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 4 mlrd. 650 mln. 881,1 min manat təşkil edir. Bununla yanaşı, milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi orta hesabla 12%-ə, xarici valyuta ilə 7,5%-ə bərabərdir.
1 yanvar 2019-cu il tarixinə regionlarda banklar tərəfindən müştərilərin kreditləşmə həcmi 2 mlrd. 328 mln. 303 min manat (2017-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 17,3%) təşkil edib.
Kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Aran iqtisadi rayonunda 575 mln. 725,2 min manat (orta faiz dərəcəsi illik 23,3%), Abşeron iqtisadi rayonunda 509,41 mln. manat (16,5%), Gəncə-Qazax iqtisadi rayonunda 488 mln. 885,7 min manat (19,7%), Lənkəran iqtisadi rayonunda 212 mln. 817,7 min manat (22,2%) həcmində kredit verilib.
Kreditləşmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.**
Ə.Məmmədov