Formula 1-in Bakıda keçirilməsi Azərbaycana turist axınının artmasına təsir edib. Bunu prezident İlham Əliyev deyib.
Dövlət başçısı bu gün Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.
“Ölkəmizə gələn turistlərin sayının ildən-ilə sürətlə artdığını deyən prezident İ.Əliyev ötən il xarici turistlərin Azərbaycanda iki milyard dollardan çox vəsait xərclədiklərini qeyd edib və bildirib ki, yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik olan Formula 1-in Bakıda keçirilməsi ölkəmizə turist axınının təmin olunması işinə böyük töhfə verir”, - deyə prezidentin saytında məlumat verilir.
İ.Əliyev qeyd edib ki, bütün bunlar, öz növbəsində, Azərbaycanda turizm sənayesinə cəlb olunmuş kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır.
“Beləliklə, ölkəmizdə Formula 1 yarışlarının keçirilməsi həm Azərbaycanın dünyada təqdimatı, həm də eyni zamanda, iqtisadi mənfəət baxımından böyük əhəmiyyət daşıyır”, - deyə o bildirib.*
F.İsazadə