Artyom Maşınqayırma Zavodu (“Ventprom” AMZ ASC) “Bakı Metropoliteni” üçün səsboğucu sistemlə təchiz olunmuş ventilyatorlar tədarük edəcək. Bu barədə ASC-nin məlumatında deyilir.
“Ventprom” AMZ-nin xüsusi sınaq stendində “Bakı Metropoliteni” üçün hazırlanan VOM-24P tipli ventilyatorun sınaqları başa çatıb. Bundan öncə “Bakı Metropoliteni” və AMZ arasında səsboğucu sistemlə təchiz olunmuş 7 ədəd ventilyatorun hazırlanması və tədarükünə dair müqavilə imzalanıb. Beləliklə, hələ 1967-ci ildə başlanan əməkdaşlıq bərpa olunur”, - məlumatda deyilir.
“Müqavilənin imzalanmasından əvvəl Azərbaycan tərəfinin nümayəndələri “Ventprom”un istehsalat meydançalarında audit tədbirləri keçiriblər, ventilyator qurğularının istehsalı texnologiyasını, ehtiyat hissələrinin keyfiyyətini və istehsalçılarını, zəmanət sistemi və sonrakı zəmanət xidməti məntəqəsini təhlil ediblər”, - məlumatda bildirilir.
Hazırda AMZ-nin istehsalı olan 80-dən artıq ventilyator “Bakı Metropoliteni” tərəfindən istifadə olunur. Bu seriya ventilyatorlar Moskva, Sankt-Peterburq, Nijni Novqorod Yekaterinburq, Minsk, Bakı metrolarında özünü yaxşı tanıdıb və uzunmüddətli və etibarlı istifadəni nəzərdə tutur.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. 2018-ci il ərzində sərnişin daşımalarının həcmi 231 mln. nəfər təşkil edib.**
N.Abbasova