Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyinə görə Özbəkistan hökumətinə minnətdarlığını bildirib.
“Münasibətlərimiz yalnız iqtisadi müstəvidə inkişaf etmir. Siyasi mənada da daha vacibdir. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini dəstəklədiyinə görə qardaş Özbəkistan xalqına hər zaman minnətdarıq. Bu cür ədalətli mövqe ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin ruhuna cavab verir”, - Ş.Mustafayev bu gün Daşkənddə iki ölkənin işgüzar dairələrinin iştirakı ilə görüşdə çıxışında bildirib. Bu barədə Özbəkistan mətbuatı məlumat verir.
Nazir vurğulayıb ki, ölkələr arasında əsrlər boyu iki xalqın dostluğuna əsaslanan “yüksək səviyyəli siyasi münasibətlər” formalaşıb.
Özbəkistan dəfələrlə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı kimi çıxış edib.
Xəbər verildiyi kimi, iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycanın mümayəndə heyəti Özbəkistanda ikigünlük səfərdədir. Daşkənddə keçiriləcək görüşlərdə əsas diqqət həmçinin nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə yönəldiləcək. **
B.Rüstəmbəyov