Azərbaycanın energetika naziri Pərviz Şahbazov fevralın 6-7-də İstanbulda XXII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək.
“Energetika naziri sammitdə “Azərbaycanın enerji potensialı və rəqəmsal enerji” mövzusunda çıxış edəcək”, - “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Sammtiin təşkilatçısı qismində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi çıxış edir. Sammitin işində 40-a yaxın ölkənin yüksək səviyyəli hökumət nümayəndələri, sabiq prezidentlər, nazirlər, parlamentarilər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edəcək.
“Builki sammit “Gələcək üçün məsuliyyət” devizi altında keçiriləcək. Texnologiyanın inkişafının bəşəriyyətin gələcəyinə təsiri, iqtisadiyyatda, enerji sektorunda süni intellektdən istifadə, dinlərin bu prosesdə rolu, “Kəmər-Yol” təşəbbüsünün qlobal aspektlərinə dair müzakirələr aparılacaq”. – nazirlikdən bildliriblər.
17 ölkə ilə yüksək əməkdaşlıq şəraitində fəaliyyət göstərən Mərmərə Qrupu Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Sammtin təşkili aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir. **
N.Abbasova