Şamaxı şəhər xəstəxanasında beyninə qan sızması diaqnozu ilə 58 yaşlı pasiyent ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuiat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
“Bu bölgədə güclü yeraltı təkanlar nəticəsində bir nəfərin həyacandan beyninə qan sızıb. Həmin şəxsin vəziyyəti ağır kimi qiymatləndirilir”, - P.Abubəkirov bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində bir nəfər cavan adamın həyacandan dili tutulub. Həkimlərin yardımından sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb.
Ümumilikdə, dünən gecə təcili yardıma 30 nəfər müraciət edib. “Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışır. Altı təcili tibbi yardım briqadası işləyr. Daha üç nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib”, - P.Abubəkirov qeyd edib.
Xəsarət alanlara təcili tibbi yardım göstərilib. “Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib”, - o vurğulayıb.
Xəbər verildiyi kimi, fevralın 5-də axşam saatlarında Azərbaycanın mərkəzi regionunda güeclü yeraltı təkanlar qeydə alınıb. “Fevralın 5-də yerli vaxtla saat 23:31-da Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində güclü zəlzələ qeydə alınıb”, - AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilir. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub. Episentr 8 km dərinlikdə yerləşir.
O cümlədən, fevralın 5-də yerli vaxtla saat 23:37-də 8 km cənubda Ağsu ərazisində yeraltı təkanlar qeydə alınıb. Episentr 11 km dərinlikdə yerləşir.
Çərşənbə axşamı saat 23:31-də yeraltı təkanlar Azərbaycanın paytaxtında da qeydə alınıb.
Çərşənbə günü səhər saatlarında fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələnin nəticələrinin araşdırılması məqsədilə bölgəyə gəlib. **
R.Babayev