Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.
Məlumata əsasən, İ.Əliyev qərarı yerlərdən daxil olan müraciətləri nəzərə alaraq qəbul edib.
Dünən Nazirlər Kabineti “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərara dəyişiklikləri qəbul edib. Həmin dəyişikliklərə əsasən, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu, mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir.
Xüsusilə, yabanı meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun 1,5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1,5 manat ödəniş nəzərdə tutulur.
Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 0,5 manat ödəniş olmalıdır. **
F.İsazadə