Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı imkanları müzakirə ediləcək. Görüş Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçiriləcək. Görüşdən sonra xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaq”, - nazirlikdən bildirilib.
M.Oreşkinin Azərbaycana səfəri fevralın 8-də başlayır. “Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının dövlət sərhədində Azərbaycan və Rusiya nümayəndə heyətləri Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində yenidənqurma və rekonstruksiya işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirəcək”, - nazirlikdən vurğulanıb. **
B.Rüstəmbəyov