Fevralın 13-də RF Dövlət Dumasında “Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda dəyirmi masa keçiriləcək.
“Bu gün Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq strateji tərəfdaşların qarşılıqlı münasibətlərinin ən mühüm aspektlərindən biridir. Rusiyada get-gedə daha çox insan Azərbaycanın ənənələrinə, Azərbaycan incəsənətinə və Azərbaycan dilinə maraq göstərdiyi kimi, Azərbaycanda da rus mədəniyyətinə maraq artır”, - “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Dumasından məlumat verilib.
Multikultural dialoqun möhkəmlənməsi və strateji tərəfdaşlar arasında xalq diplomatiyasının inkişafı ilə bağlı aktual məsələlərin müzakirə olunması üçün Rusiya və Azərbaycan mədəniyyət nazirliklərinin, Azərbaycanın Moskvadakı səfirliyinin, Heydər Əliyev Fondunun nümayəndələri, habelə yazıçılar ittifaqının, bəstəkarlar ittifaqının, teatr xadimləri ittifaqının üzvləri, Rusiyanın və Azərbaycanın aparıcı ali məktəblərinin əməkdaşları, hər iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri dəvət edilib. **
R.Babayev