Azərbaycanın energetika naziri Pərviz Şahbazov neftin bir barrelinin qiymətinin $60-70 səviyyəsində olmasını ölkə iqtisadiyyatı üçün rahat hesab edir.
“Hələlik qiymətlər rahatdır. Əgər neftin bir barrelinin qiyməti $60-70 dəhlizində olarsa, bu iqtisadiyyatımız, planlarımız üçün çox müsbət amil, həmçinin istehsalçılar və istehlakçılar üçün ən yaxşı qiymət olacaq”, - energetika naziri Bloomberg agentliyinə müsahibəsində bildirib.
OPEC və OPEC+ arasında neft hasilatının azaldılmasına dair sazişə toxunan nazir qiymətin “komfortlu” səviyyədə saxlanılması məqsədilə razılaşmanın uzadılması imkanını istisna etməyib. “Sazişin uzadılmasına dair qərar realdır”, - P.Şahbazov vurğulayıb.
Onun sözlərinə görə, apreldə OPEС+ Monitorinq Komitəsinin nazirlər səviyyəsində iclasıda çox ehtimal ki, sazişin daha 6 ay müddətinə, gələcəkdə nəzərdən keçirilməsi üçün uzadılmasına dair qərar qəbul olunacaq.
P.Şahbazov həmçinin qeyd edib ki, Azərbaycan OPEC və OPEC+ ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair razılığın əldə olunması prosesində fəal iştirak edib, lakin ölkənin kartelə daxil olması üçün zərurət görmür.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 10-da OPEC üzvləri ilə təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
Cari ilin iyun ayının 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub.
2018-ci il dekabrın 7-də imzalanmış sazişə əsasən OPEC üzvləri neft hasilatını sutkada 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldır. Saziş 2019-cu ilin aprel ayında nəzərdən keçirilmə mümkünlüyü ilə yarım il müddətinə uzadılıb. Bu saziş çərçivəsində 2019-cu ildən etibarən Azərbaycan gündəlik hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisinə nisbətən 20 min barel - 776 min barelədək azaldacaq. **
N.Abbasova