Bakı Baş Gömrük İdarəsi tərəfindən “City Farm" MMC üçün nəzərdə tutulmuş 10 ton dərman preparatının normativ sənədlərə uyğun olmaması faktı aşkarlanıb. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“"City Farm" MMC üçün nəzərdə tutulmuş 10 ton, $12,5 min dəyərində "Yodex S Povidon" adlı dərman preparatları Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən normativ sənədlərə uyğun olmadığı üçün saxlanılıb”, - deyə məlumatda bildirilir.
Məlum olub ki, Səhiyyə Nazirliyi "Analitik Ekspertiza Mərkəzi" MMC-nin verdiyi məktubu (sənədi) etibarnamə əsasında həmin şirkətin gömrük işlərini həyata keçirən Həsənov Pərviz Telman oğlu saxtalaşdırıb və yenidən Bakı Baş Gömrük İdarəsinə təqdim edib. Məktubun (sənədin) saxtalaşdırılması ilə bağlı toplanılan sənədlər Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib.
Pərviz Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi (Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçirilməsi) ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Adıçəkilən dərman preparatları Bakı Baş Gömrük İdarəsi tərəfindən ekoloji poliqonda məhv edilib.*
R.Babayev