Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə çərçivəsində $450 mln. məbləğində ikinci bonusu alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“Müqavilənin şərtlərinə görə, 2018-2025-ci illər ərzində ARDNF-ə ümumilikdə $3,6 mlrd. məbləğində vəsaitin (hər il $450 mln. – İF) ödənilməsi nəzərdə tutulur və bonus məbləğinin 2-ci hissəsi – $450 mln. 2019-cu il yanvar ayının əvvəlində fonda daxil olub”, - deyə məlumatda bildirilir.
$450 mln. məbləğində birinci tranşı fond 2018-ci il yanvarın 31-də alıb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 mlrd. məbləğində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.*
N.Abbasova