Azərbaycan regionlarının 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı üzrə IV Dövlət Proqramının reallaşdırılmasına sərmayələr 17,4 mlrd. manat təşkil edəcək. Bunu Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib.
“Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Təkcə Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərin icrasına əvvəlki proqramdan da çox – 17,4 mlrd. manat vəsait qoyulacaq”, - S.İsmayılovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edilir.
O vurğulayıb ki, investisiya təşviqi proqramı üzrə 332 layihənin həyata keçirilməsi, buna 2,8 mlrd. manat vəsait qoyulması, bu layihələr çərçivəsində 12 min yeni iş yerinin açılması nəzərdə tutulur.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq edib.
Azərbaycan regionlarının 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı üzrə IV Dövlət Proqramı yerlədən daxil olan təşəbbüs və təkliflər əsasında hazırlanıb. Burada əsas diqqət ASK və sənayeləşmə sahələrinə yönəldilib. **
Ə.Məmmədov