Əfqanıstan və Albaniya prezidentləri Əşrəf Qəni və İlir Meta martın 14-16-da keçiriləcək “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda iştirak edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Bolqarıstanın baş naziri Boyko Borisovun da iştirakı gözlənilir”, - deyə məlumatda bildirilir.
Forumda dünyanın 70-dən çox ölkəsindən 450 nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, tanınmış dövlət adamları, siyasətçilər və nüfuzlu ictimai xadimlər iştirak edəcəklər.
Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə Orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclaslar keçiriləcək.
Əsas panel iclasların biri gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabrın 30-da Gəncə şəhərində dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimi tərəfindən yaradılıb.
Mərkəzin fəaliyyətinin prioriteti Azərbaycanın elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və dünyada təbliğ olunmasıdır.*
R.Babayev