“SOCAR Turkiye Enerji” şirkəti Türkiyədə yeni neft-kimya kompleksinin tikintisini $1,8 mlrd. dəyərində qiymətləndirib. Bunu şirkətin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib. Daha əvvəl layihənin dəyəri $1,6-2 mlrd. idi.
«Türkiyədə yeni neft-kimya kompleksinin tikintisi layihəsinə sərmayə qoyuluşu $1,8 mlrd. dəyərində qiymətləndirilir. Layihənin həyata keçirilməsi üçün Britaniyanın BP şirkəti ilə paritet əsasda birgə müəssisənin yaradılması planlaşdırılır. Yekun investisiya qərarı cari ilin sonunadək qəbul olunacaq», - deyə o, Türkiyə KİV-nə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, kompleksin 2022-ci ilin sonunda istifadə verilməsi planlaşdırılır.
Z.Qəhrəmanov deyib ki, SOCAR və BP layihənin reallaşdırılmasına daha bir investor cəlb etməyi planlaşdırılır. Onun payı 10-15% təşkil edə bilər. Bu məsələ ayın sonunadək aydınlşacaq.
O deyib ki, yeni neft-kimya kompleksinin tikintisi Türkiyəyə hər il $6 mlrd. məbləğində cari hesab kəsirini ödəməyə imkan verəcək.
SOCAR və BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıb.
Layihə Əliağa rayonunda illik 1,25 mln. ton saf tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsal edən müəssisənin tikintisini nəzərdə tutur.
Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirmiş şirkət, həmçinin daxili bazara qaz tədarük edir.*
N.Abbasova