2018-ci ildə Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 52 mln. 673,9 min ton təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 0,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dəhliz çərçivəsində yüklərin 12 mln. 563,5 min tonu və ya 23,9%-i dəmir yolu nəqliyyatı, 33 mln. 235 min tonu və ya 63,1%-i avtomobil nəqliyyatı, 6 mln. 875,4 min tonu və ya 13%-i dəniz nəqliyyatının payına düşüb.
2018-ci ildə TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 9 mln. 344,8 min ton və ya bütün yüklərin 17,7%-i tranzit yüklərin payına düşüb. 2017-ci illə müqayisədə tranzit yüklərin həcmi 8,3% azalıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova