2019-cu ilin noyabr ayında Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində körpü istifadəyə veriləcək. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Cümə günü Ş.Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində körpünün tikinti işləri ilə tanış olublar.
“2019-cu ilin noyabr ayında körpünün istifadəyə verilməsi planlaşdırılır. Bu körpü tranzit yüklərin daşınmasını asanlaşdıracaq, həmçinin yük daşımalarının artmasına imkan yaradacaq, bu da Şimal-Cənub nəqliyyat dəhlizi üçün vacibdir”, - Ş.Mustafayev bu gün jurnalistlərə bildirib.
Avtomobil körpüsünün uzunluğu 325,3 metr, eni 17,5 metr təşkil edəcək. Tikintinin dəyəri 36,5 mln. manat təşkil edir.
Körpünün tikintisi Rusiya və Azərbaycan hökumətləri arasında 2013-cü ilin avqust ayında imzalanan saziş çərçivəsində həyata keçirilir.
Yeni körpü 1957-ci ildə inşa olunan körpünü əvəz edəcək. **
B.Rüstəmbəyov