Moskva və Bakı Azərbaycan-Rusiya sərhədindəki gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması barədə razılığa gəlib. Bu barədə bu gün jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin məlumat verib.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bu gün Azərbaycan-Rusiya sərhədində Samur çayının üzərində yeni körpünün tikintisinin gedişi ilə tanış olublar.
«Sərhəddə yaranan növbələr iki ölkə arasında ticarət dövriyyəsinin artmasını göstərir. Bundan başqa, İranla tranzit daşımaların həcminin artması RF-Azərbaycan sərhədindəki məntəqələrin buraxılış qabiliyyətinin artırılmasını tələb edir», - deyə M.Oreşkin bildirib.
Onun sözlərinə görə, bu məqsədlə tərəflər Rusiya və Azərbaycan arasındakı digər keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması mümkünlüyünü nəzərdən keçirməklə bağlı razılığa gəliblər.
Hazırda Azərbaycan və Rusiya Federasiyası sərhədində 24 saatlıq iş rejimində 3 beynəlxalq keçid məntəqəsi fəaliyyət göstərir: Samur (Qusar rayonu), Yalama və Xanoba (Xaçmaz rayonu).*
B.Rüstəmbəyov