2018-2021-ci illərdə SOCAR-ın kapital qoyuluşları 13 mlrd. manat (cari məzənnə ilə $7,6 mlrd.) məbləğində qiymətləndirilir. Bu barədə “Fitch” agentliyi bildirir.
"2018-2021-ci illərdə şirkətin kapital qoyuluşları bu dövrdə manatın dollara nisbətən məzənnəsi 1,7 manat olmaqla 13 mlrd. manat təşkil edəcək", - deyə agentliyin məlumatında qeyd olunur.
“Fitch”in proqnozlarına görə, 2019-cu ildə neftin bir barelinin orta qiyməti $65, 2020-ci ildə $62,5, 2021-ci ildə $60 təşkil edəcək.
Agentlik SOCAR-ın likvidlik göstəricilərinin yaxşılaşdığını qeyd edir. 30 iyun 2018-ci il tarixinə şirkətin likvidlik səviyyəsi 8,7 mlrd. manat (6,4 mlrd. manat məbləğində pul vəsaitləri və 2,3 mlrd. manat məbləğində istifadə edilməmiş kredit xətti) təşkil edib ki, bu da SOCAR-ın 6 mlrd. manat məbləğində qısamüddətli borcunu ödəməyə imkan verir.
"2019-cu ilin sonunadək şirkətin likvidliyi müəyyən təzyiq altında qala bilər. Lakin bizim qiymətləndirmələrimizə görə, SOCAR-ın likvidlik kəsiri dövlət tərəfindən şirkətə kapital qoyuluşları hesabına bağlanılacaq”, - deyə məlumatda vurğulanır.
“Fitch”in qiymətləndirmələrinə görə, 2018-2021-ci illərdə SOCAR tərəfindən birgə müəssisələrə investisiya qoyuluşları 1,2 mlrd. manat, Azərbaycan hökuməti tərəfindən şirkətə investisiya qoyuluşları isə 1,5 mlrd. manat təşkil edəcək.*
A.Əzizov