Samur çayı üzərində körpünün istifadəyə verilməsi iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev belə hesab edir.
“Bu il Samur çayı üzərində körpünün istifadəyə verilməsi hər iki ölkə vətəndaşlarının gediş-gəlişi üçün yaxşı imkanlar yaradacaq və əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcək”, - deyə dövlət başçısı bu gün Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşdə bildirib.
Prezident İ.Əliyev M.Oreşkinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında ticarət dövriyyəsi, nəqliyyat, birgə müəssisələrin yaradılması və digər sahələrdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı iki ölkənin prezidentləri arasında əldə edilmiş razılaşmaların icrası ilə bağlı artıq konkret işlərin həyata keçirildiyini bildirib.
O, bu gün Hacıqabulda “QAZ” avtomobillərinin istehsalı zavodunun təməlinin qoyulacağının əhəmiyyətini qeyd edib.
M.Oreşkin Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi, investisiya və birgə layihələrin reallaşdırılması ilə bağlı müsbət dinamikanın mövcud olduğunu vurğulayıb.
O bildirib ki, hazırda sərhəd boyu 3 buraxılış məntəqəsinin təkmilləşdirilməsi ilə bağlı gedən işlər Azərbaycanla Rusiyanın qarşılıqlı nəqliyyat bağlantısının inkişafına kompleks yanaşmanın tətbiq olunduğunu göstərir.
Söhbət zamanı infrastruktur, investisiya, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, birgə hökumətlərarası komissiyanın səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.*
R.Babayev