Müdafiə naziri general-polkovnik Zakir Həsənov bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin hər bir təxribatına adekvat cavab verməyi və onun fəaliyyətinin qarşısını qətiyyətlə almağı tapşırıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Bütün səviyyələrdən olan komandir və rəis heyəti düşmənin hər bir təxribatına adekvat cavab verməli və onun fəaliyyətinin qarşısını qətiyyətlə almalıdır”, - deyə o, bu gün Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə bildirib.
Müdafiə naziri döyüş hazırlığının daha keyfiyyətli təşkili, hərbi peşəkarlıq səviyyəsinin artırılması, islahatların davam etdirilməsi, ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi və digər xidməti məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.
Z.Həsənov yeni tədris dövründə qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin müvafiq direktiv və təlimatlara uyğun olaraq daha da effektiv və keyfiyyətli təşkili, rəhbəredici sənədlərin dərindən öyrənilməsi, eləcə də peşəkarlığın artmasına yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
“Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev