Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
“Mingəçevir şəhər sakini Anar Ələkbərov dövlətə xəyanət maddəsi ilə saxlanılıb. Müəyyən olunub ki, o, 2016-cı ildə xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib”, - deyə DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, A.Ələkbərovaxaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verilib. O, ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.
“Araşdırmalar zamanı A.Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib”, - deyə məlumatda qeyd olunur.
A.Ələkbərov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.*
F.İsazadə