Azərbaycan sərhədçiləri İrandan sərhədi qanunsuz keçməyə çalışan şəxsi məhv ediblər. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat verir.
“Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Respublikası istiqamətində geriyə doğru qaçıb. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunmuş və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində vəfat edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, hadisə 11 fevral tarixində saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində baş verib.
“Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı 1968-ci il təvəllüdlü Zülfüqar Seyfullayeva məx¬sus ümumvətəndaş pasportu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub”, - məlumatda vurğulanır.
“Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib”, - Xidmətdən əlavə edilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. **
F.İsazadə