Rusiya 2016-cı ildə imzalanmış “An-124-100” mülki yük təyyarəsinin alqı-satqısı haqqında müqavilənin həyata keçirilməsi üçün Azərbaycana səyləri artırmağı təklif edir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.
"Bu məsələ ötən ilin dekabr ayında Moskvada keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının XVII iclasında müzakirə olunub", - deyə məlumatda bildirilir.
Bundan əlavə, tərəflər 10 ədəd “MS-21-300” təyyarəsinin lizinqə verilməsi ilə bağlı məsələni müzakirə ediblər. “Uçuş istiqamətlərinin inkişafı üzrə 5 illik plana və ölkənin hava gəmiləri parkının texniki vəziyyəti və inkişafı üzrə onillik plana əsasən “MS-21-300” təyyarələrinin lizinq yolu ilə əldə edilməsi Azərbaycanın daim diqqətindədir”, - deyə hökumətdən qeyd ediblər.
Xəbər verildiyi kimi, 2016-cı ilin iyul ayında Azərbaycanın “Silk Way Airlines” şirkəti və “İlyuşin Finans Ko” (İFK) ASC arasında “An-124-100” yük təyyarəsinin maliyyə lizinqinə verilməsi üçün əsas şərtlər haqqında müqavilə imzalanıb. 2016-cı ilin iyun ayında isə “Azərbaycan Hava Yolları” (AZAL) və İFK arasında 10 ədəd “МC-21-300” təyyarəsinin lizinqə verilməsi haqqında niyyət sazişi bağlanılıb.*
Ə.Məmmədov