Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) kommersiya direktoru Bülent Özerdim "Formula-1" üzrə Azərbaycan Qran Prisinin biletlərinin satışının artdığını qeyd edir.
"Formula-1" üzrə Azərbaycan Qran Prisinin 2023-cü ilin sonunadək avtomobil yarışları üzrə Dünya çempionatının təqvimində yer alacağına dair xəbər həm ölkə daxilində, həm də xaricdə fanatlar tərəfindən müsbət qarşılandı. “Formula-1” ilə yeni müqavilə imzalandıqdan sonra Azərbaycan Qran Prisi 2019-a biletlərin satışı iki dəfə artıb”, - BCC-nin mətbuat xidmətinin məlumatına görə B.Özerdim bildirib.
O qeyd edib ki, biletləin satışı ötən illə müqayisədə artıb.
“Bu günə “kral yarışları”nın yerli pərəstişkarları ilə yanaşı dünyanın 46 ölkəsindən fanatlar biletlər alır, yarışlar yaxınlaşdıqca alıcılarımızın coğrafiyası genişlənir. Hazırda Rusiya və Böyük Britaniya biletlərin satışı üzrə bazarda liderdir. Gürcüstan, Avstriya Niderland, Polşa, BƏƏ və Finlandiya fəal maraq göstərən ölkələr siyahısındadır”, - B.Özerdim vurğulayıb.
Fevralın 5-də Azərbaycanla “Formula-1” şirkəti arasında əməkdaşlığın daha 3 il müddətinə - 2023-cü ilin sonunadək uzadılmasına dair müqavilə imzalanıb.
“Formula-1” yarışlarının Azərbaycandakı mərhələsi 2016-cı ildən etibarən keçirilir. Birinci il “Avropa Qran-pri”si, 2017-ci ildən etibarən isə Azərbaycan Qran Prisi adlanır.
Bu il Azərbaycan Qran Prisi Bakıda 26-28 aprel tarixlərində keçiriləcək. **
R.Babayev