Azərbaycan OPEC+ sazişi çərçivəsində gündəlik neft hasilatının 20 min barrel – 776 min barrelədək azaldılması prosesinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.
2018-ci il dekabrın 7-də imzalanmış sazişə əsasən OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldır. Saziş 2019-cu ilin aprel ayında nəzərdən keçirilmə mümkünlüyü ilə yarım il müddətinə uzadılıb. Bu saziş çərçivəsində Azərbaycan cari ildən etibarən gündəlik hasilatı 20 min barrel - 776 min barrelədək azaltmalıdır.
«Azərbaycan neft hasilatının azaldılmasına başlayıb. Lakin məlum olduğu kimi, bu, texnoloji prosesdir və müəyyən səviyyəyə tədricən nail olunur. OPEC və qeyri-OPEC sazişi 6 ay ərzində qüvvədədir. Buna görə görülən tədbirlər artıq növbəti aylardan başlayaraq hasilatı tələb olunan göstəriciyə qədər azaltmağa imkan verəcək», - deyə o qeyd edib.
Azərbaycanda 2019-cu ilin yanvar ayı üzrə sutkalıq neft hasilatı 2018-ci ilin dekabr ayında qeydə alınmış 790 min barrelə qarşı 793 min barrel olub.*
N.Abbasova