Bazar ertəsi Bakıda İranda İslam İnqilabının 40-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.
Tədbirdə çıxış edən İranın Bakıdakı səfiri Cavad Cahangirzadə qeyd edib ki, İranın tezliklə süquta uğrayacağını bəyan edən güvvələr bu gün etiraf edirlər ki, ölkə Yaxın Şərq regionunda ən təsirli siyasi gücə malikdir.
“İranın, təhlükəsizliyinin təminatı məqsədilə dünyanın super güclərinin öz maraqları əsasında yaratdıqları hər hansı hərbi bloklara ehtiyac duymur. 40 il ərzində bir sıra sahələrdə dünya arenasında mühüm mövqe tutmuşuq”, - C.Cahangirzadə bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə təhsilin səviyyəsi 93%-ə çatıb, tələbələrin sayı 4,5 mln.-a qədər artıb.
O cümlədən, diplomat Azərbaycanla əlaqələrə toxunub. Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və İran prezidentəri İlham Əliyev və Həsən Ruhaninin siyasi iradəsi sayəsində ölkələr arasında münasibətlər əməkdaşlığın bütün istiqamətləri üzrə inkişaf edir. “Ölkələr arasında ticarət dövriyyəsinin həcmi $1 mlrd.-a çatır. Biz $5 mlrd.-a çatmağı qarşımıza hədəf qoymuşuq. Birgə istehsal olunan avtomobillər artıq bazara çıxarılır. Şimal-Cənub və iki ölkənin dəmir yollarının birləşdirilıməsi layihələri sürətli templərlə reallaşdırılır”, - diplomat qeyd edib.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev öz növbəsində bəyan edib ki, uğurlu inkişaf sayəsində İran dünyanın siyasi-iqtisadi xəritəsində layiqli yerini tutub. “İranın bütün nailiyyətləri yaxın dost və qonşu kimi Azərbaycanı hər zaman sevindirir. Biz hər zaman İranla münasibətlərə xüsusi önəm veririk. Bizim dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərimiz ikitərəfli və çoxtərəfli formatda, həmçinin beynəlxalq arenada yüksələn xəttlə inkişaf edir”, - azərbaycanlı nazir vurğulayıb.
Ş.Mustafayev Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə İran tərəfinə minnətdarlığını bildirib. “Bu mövqe iki ölkənin xalqıarı arasında möhkəm dostluq və mehriban qonşuluq ruhuna cavab verir”, - o qeyd edib.
Nazir bildirib ki, ölkələr arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb, 150-dən artıq ikitərəfli sənəd imzalanıb.
Onun sözlərinə görə, təxminən 1 min İran şirkəti Azərbaycanda ticarət, xidmət,rabitə, sənaye, tikinti, bank, sığorta, nəqliyyat sahələrində fəaliyyət göstərir. “İran Azərbaycan iqtisadiyyatına $3,4 mlrd.-dan artıq məbləğdə investisiya yatırıb, Bunun $3,3 mlrd.-ı neft sektoru, $120 mln.-u qeyri-neft sektorunun payına düşüb”, - Ş.Mustafayev vurğulayıb.
O qeyd edib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat-tranzit sahəsidir. “Bu gün Şimal-Cənub layihəsinin reallaşdırılması məqsədilə vacib addımlar atılır. Azərbaycan bu layihənin reallaşdırılması üçün öz ərazisində zəruri işləri uğurla başa çatdırıb. Eyni zamanda, biz bu layihə çərçivəsində İranda həyata keçriilən işləri dəstəkləyirik”, - nazir bildirib.
Həmçinin, Ş.Mustafayev bəyan edib ki, tərəflər turizm sahəsində əməkdaşlığı inkişaf etdirirlər. İrandan Azərbaycana turist axını dəfələrlə artıb, bu ölkə Azərbaycana səfər edən turistlərin sayına görə aparıcı mövqelərdən birini tutur. **
F.İsazadə