“Realliq.info” informasiya saytının baş redaktoru İkram Rəhimov hədə-qorxu ilə pul tələb etməsi ittihamları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
“Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı İkram Rəhimov hədə-qorxu ilə pul tələb etməsi ittihamları ilə əlaqədar ayrı-ayrı şəxslərin şikayətləri əsasında şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib”, - məlumatda deyilir.
Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb. İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb.
Həmçinin, İ.Rəhimov 2017-2018-ci illərdə Rafiq Ədilov, Cabir Cəfərov və Azər Mirzəyevdən hədələməklə pul vəsaiti tələb edərək alıb.
“Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib”, - məlumatda qeyd olunur.
Eyni zamanda, DTX İ.Rəhimovun bu üsullarla əldə etdiyi vəsaitin ümumi məbləğini dəqiqləşdirmir. **
R.Babayev