2018-ci ildə Azərbaycanda baş vermiş yanğınlar nəticəsində 15,8 mln. manat məbləğində maddi ziyan vurulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanğınlar nəticəsində 65-i kişi, 18-i qadın olmaqla 83 nəfər (onlardan 13 uşaq) həlak olub, 484 tikili, 250 baş mal-qara, 131 nəqliyyat vasitəsi məhv olub və 15,8 mln. manat məbləğində maddi ziyan vurulub”, - deyə məlumatda bildirilir.
2018-ci ildə ölkədə 2,21 min yanğın hadisəsi qeydə alınıb ki, bu da 2017-ci ilin göstəricisindən 4% çoxdur.
“Qeydə alınmış yanğınların 890-ı elektrik avadanlıqların quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 366-sı odla ehtiyatsız hərəkət (onlardan 96-sı tütün çəkmə zamanı), 244-ü odvurma (yandırma) yolu ilə əmlakın məhv edilməsi (korlanması), insanın sağlamlığına xətər yetirilməsi məqsədilə qəsdən edilən hərəkətlər, 85-i sobaların quraşdırma və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 625-i isə digər səbəblər nəticəsində baş verib”, - deyə məlumatda qeyd olunur.
Ötən il ərzində qeydə alınmış yanğınların 70,7%-i yaşayış, 5,8%-i sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 2,2%-i istehsal obyektlərində, 0,5%-i anbar və bazalarda, qalanları isə digər obyektlərdə baş verib.*
F.İsazadə