Rusiyanın sənaye və ticarət naziri Denis Manturov aprelin əvvəlində Azərbaycana səfər edəcək. Bu barədə Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik məlumat verib.
"Rusiya və Azərbaycan iş adamları arasında qarşılıqlı anlaşmanın hər zaman mövcud olması bizim üçün vacibdir, lakin bu, indi dövlət səviyyəsində çox dəstəklənir. Rusiya-Azərbaycan İşgüzar Şurasının nümayəndələri sənaye və ticarət naziri Denis Manturovun aprel ayının əvvəlində Azərbaycana səfəri çərçivəsində keçiriləcək görüşlərdə iştirak edəcəklər", - deyə A.Repik “Moskva-Bakı” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, aprel ayının ikinci ongünlüyündə Rusiyada azərbaycanlı ixracatçılar Günü keçiriləcək, Azərbaycanın Rusiyaya ixrac missiyası təşkil olunacaq.
"Rusiyalı sahibkarlar, həmçinin Bakıda "World food Azerbaijan” sərgisində, eləcə də “Caspian Oil & Gas” sərgisində və bir sıra digər tədbirlərdə iştirak edəcəklər", - A.Repik əlavə edib.*
Ə.Məmmədov