Azərbaycanda aparılan islahatlar onun müasir və dinamik inkişaf edən ölkəyə çevrilməsinə xidmət edir. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycanda islahatların əsasını Heydər Əliyev 1993-cü ildə qoymuşdur. O dövrdə siyasi, iqtisadi, torpaq, Azərbaycana xarici sərmayə qoyuluşunun cəlb edilməsi işində islahatlar aparıldı”, - deyə o, Real TV-yə müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, 2003-cü ildən islahatların yeni mərhələsi başlandı. “O dövrdə biz əsas diqqəti infrastruktura yönəltdik. Bu gün qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. Keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb, yeni enerji və nəqliyyat infrastrukturu yaradılıb”, - deyə İ.Əliyev qeyd edib.
O vurğulayıb ki, bu gün dünyada baş verən dəyişikliklər nəzərə alınmaqla ölkə qarşısında yeni çağırışlar dayanır. Ona görə 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır.
İ.Əliyev əlavə edib ki, bu islahatların həyata keçirilməsi üçün daha səmərəli iş aparılmalıdır. “Buna görə şəffaflıq əsas prinsip olmalıdır. Aparılan islahatlar imkan verir ki, biz əlavə maliyyə resursları, gəlirlər əldə edək. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə, o cümlədən sosial sahələrə yönəldə bilərik. Bu məqsədlərdən irəli gələrək biz sistem xarakterli, institusional islahatlar aparır və bundan sonra da aparacağıq”, - deyə dövlət başçısı vurğulayıb.*
F.İsazadə