Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bunu prezident İlham Əliyev deyib.
“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycan heç vaxt işğalla barışmayacaq”, - deyə dövlət başçısı Real TV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır.
“Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir. Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. “Bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danışıqlar aparılıb”, - deyə o bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaradıb. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür.
“Biz Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün bütün mümkün səyləri göstərəcəyik”, - deyə İ.Əliyev əlavə edib.*
F.İsazadə