2018-ci ildə Azərbaycanda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə 30 mindən çox bildiriş daxil olub. Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Bakı ofisinin rəhbəri Aliyə Əzimova deyib.
"Daşınar əmlakın yüklülüyünün dövlət reyestri keçən ilin mart ayında işə başlayıb və 2018-ci ilin sonunadək 30 mindən çox bildiriş daxil olub", - deyə o, bu gün Bakıda keçirilən seminarda bildirib.
A.Əzimova əlavə edib ki, hazırda yeni təminat tipi əsasında məhsulların yaradılması və genişləndirilməsini təmin etmək lazımdır.
Azərbaycanda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılması kiçik və orta sahibkarlığın inkişafına, biznesin maliyyə resurslarına çıxışının asanlaşdırılmasına yönəlib. Reyestr dövlət qeydiyyatına malik olmayan daşınar əmlakın yüklülüyü bazasını yaratmağa imkan verir, kredit təşkilatlarının bu məlumatlara sərbəst çıxışını, yüklü edilmiş əmlakın təkrar istifadəsini təmin edir, ondan istifadə hüquqlarını məhdudlaşdırır və bununla da girov təminatı seçimini genişləndirir.
Reyestr, həmçinin fiziki və hüquqi şəxslərə öz daşınar əmlakını qeydiyyata almağa və kredit götürərkən ondan girov kimi istifadə etməyə imkan verir ki, bu da onların maliyyə resurslarına çıxışını asanlaşdırır.*
Ə.Məmmədov