Hollandiya Azərbaycan ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə maraq göstərir. Bunu Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden deyib.
“Hollandiya Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, Ələtdə azad ticarət zonası tipli xüsusi iqtisadi zona layihəsinə, alternativ enerji mənbələri, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa, eləcə də mövcud əlaqələrin genişlənməsinə maraq göstərir”, - deyə o, Bakıda iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşdə bildirib.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycanda 130-a yaxın Niderland şirkəti qeydiyyatdan keçib. Ötən il istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Baş Planı və ümumi layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb, Niderland şirkətləri ilə Abşeronda göllərin, o cümlədən, Böyükşor gölünün bərpası sahəsində əməkdaşlıq edilib.
O vurğulayıb ki, Azərbaycanda viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayını daha da artırıb. Təkcə ötən il Niderlanddan Azərbaycana gələn turistlərin sayı 2017-ci ilə nisbətən 26,6% artıb.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi potensialının yüksək olduğunu diqqətə çatdıran nazir vurğulayıb ki, Niderland şirkətləri Azərbaycanın sənaye parklarında həyata keçirilən layihələrdə iştirak edə bilər.
“Azərbaycanın artan tranzit imkanları, bu sahədə reallaşdırılan mühüm layihələr - Şimal-Cənub, Şərq-Qərb dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Dəniz Ticarət Limanı, beynəlxalq hava limanları tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır”, - deyə Ş.Mustafayev əlavə edib.
O, həmçinin növbəti Azərbaycan-Niderland biznes forumunun bu il Azərbaycanda keçirilməsini təklif edib.*
B.Rüstəmbəyov