Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ildə “AzerGold” QSC-dən 55 min unsiya qızıl ala bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətin sədri Zakir İbrahimov məlumat verib.
““AzerGold” qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanlarına ölkə fondunun əlvan metallara tələbatı ilə bağlı sorğu göndərir və alınan cavabdan asılı olaraq özünün satış siyasətini qurur. Bu il bizə Azərbaycan Dövlət Neft Fondunun qızıl almağa hazır olması barədə müraciət daxil olub. "AzerGold 2019-cu ildə 55 min unsiya qızıl hasil etməyi planlaşdırır və fond bütün bu həcmi əldə etmək istəyir", - deyə Z.İbrahimov bildirib.
ARDNF 2018-ci ildə “AzerGold”dan qızıl almağa başlayıb.
Öz növbəsində, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, ARDNF öz investisiya siyasətinə uyğun olaraq bu il qızıl alışına aktivlərinin 10%-nə qədər həcmdə investisiya qoymağı planlaşdırır.
"Bu proses artıq başlayıb və 2019-cu ilin sonunadək biz bu göstəriciyə nail olmağı nəzərdə tuturuq", - deyə o, "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Bundan əvvəl Ş.Mövsümov “Bloomberg”ə müsahibəsində söyləmişdi ki, Azərbaycan Dövlət Neft Fondu 2019-cu ildə qızıl aktivlərinin həcmini 100 tona çatdırmağı planlaşdırır.
ARDNF 2012-ci ilin əvvəlindən etibarən qızıl almağa başlayıb. 2018-ci il ərzində fond 20 min 778,41 kq qızıl alıb.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.*
N.Abbasova