Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Şahsevən Kredit İttifaqı” MMC-nin vəzifəli şəxsləri tərəfindən 200 min manat məbləğində pulun mənimsənilməsi və israf edilməsi faktı üzrə cinayət işi başlanıb.
““Şahsevən Kredit İttifaqı” MMC-nin İdarə Heyətinin sədri Fayəddin Fərmanov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub”, - deyə Baş Prokurorluqdan bildiriblər.
F.Fərmanov rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşların razılığı olmadan onların adına kredit rəsmiləşdirməklə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən büdcə vəsaitləri hesabına ayrılaraq ona etibar edilmiş güzəştli kredit resursundan təyinatı üzrə istifadə etməyərək 200 min manat məbləğində pulu mənimsəməkdə ittiham olunur.
Hazırda F.Fərmanovun digər cinayət əməllərini törədib-törətməməsi, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.*
R.Babayev