“BP-Azerbaijan” şirkəti 2018-ci ildə “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2017-ci ilin göstəricisindən 12,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Hesabat ilində yataqdan 2,5 mln. ton kondensat (artım 4,2%) hasil olunub.
«Hazırda “Şahdəniz” yatağında mövcud hasilat sistemlərinin gücü ildə 16 mlrd. kubmetr və ya sutkada 48 mln. kubmetr qaz təşkil edir. Yatağın işlənməyə başlanıldığı 2006-cı ilin dekabr ayından indiyədək 100 mlrd. kubmetrə qədər qaz və ya 25 mln. ton kondensat hasil edilib», - deyə məlumatda bildirilir.
2018-ci ildə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $2,022 mlrd. (2017-ci illə müqayisədə azalma 39,4% - İF-Az) təşkil edib. Bunun $578 mln.-u istismar, $1 mlrd. 444 mln.-u isə əsaslı xərclərin payına düşüb. Ötən il layihə üzrə əsaslı xərclərin böyük həcmi “Mərhələ-2”nin reallaşdırılması istiqamətində işlərə yönəldilib.
2018-ci ildə Cənubi Qafqaz Boru Kəməri Magistralı (CQBKM və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 23 mln. kubmetr qaz (2017-ci ildə sutkada 20,5 mln. kubmetr) nəql olunub.
Bu dövrdə boru kəməri magistralına xidmət göstərilməsi üzrə əsaslı xərclər $352 mln., istismar xərcləri $39 mln. təşkil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Alfa” və “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova