Prezident İlham Əliyev bu gün Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Prezidentə məlumat verilib ki, hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir.
13 hektar ərazidə yerləşən hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla 48 mənzilin tikintisi davam etdirilir.
Prezident İ.Əliyev hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar edib.
Prezident İ.Əliyev, həmçinin Beyləqan rayonunda yenidən qurulan 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib. “Azərişıq” ASC-nin sədri səlahiyyətlərini icra edən Vüqar Əhmədov dövlət başçısına məlumat verib ki, Beyləqan Elektrik Şəbəkəsində 22 min 480 abonent mövcuddur. Onlardan 20,728 mini əhali, qalanı isə qeyri-əhali kateqoriyasına aiddir.*
F.İsazadə