2018-ci il dekabr ayının sonuna Cənub Qaz Dəhlizinin (CQD) yaradılması layihəsi çərçivəsində “Cənub Qaz Dəhlizi” QSC-nin xərcləri $9,6 mlrd. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi İbrahim Əhmədov məlumat verib.
«2018-ci ilin dekabr ayının sonuna layihənin həyata keçirilməsinə ümumilikdə $9,6 mlrd. sərmayə qoyulub. Ötən il şirkət tərəfindən sərmayə qoyuluşları təxminən $1 mlrd. məbləğində olub”,- deyə o bildirib.
İ.Əhmədovun sözlərinə görə, 2019-cu ildə "Cənub Qaz Dəhlizi" QSC CQD layihəsi çərçivəsində təxminən $900 mln. məbləğində sərmayə qoymağı planlaşdırır.
“2018-ci ilin dekabr ayının sonuna “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində zəruri avadanlıqla təminat üzrə ümumi inkişaf 92,5% olub. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər başa çatmaq üzrədir. TANAP-ın inşası üzrə ümumi inkişaf 99%-i, TAP -ın inşası üzrə isə 84%-i ötüb. TANAP və TAP qaz kəmərləri ötən ilin sonunda birləşdirilib.
“Cənub Qaz Dəhlizi” QSC "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP qaz kəmərlərinin tikintisi ilə əlaqədar yaradılıb. 2020-ci ilədək CQD layihəsi çərçivəsində “Cənub Qaz Dəhlizi” QSC-nin payına düşəcək xərclərin ümumi həcmi $11,5 mlrd. məbləğində qiymətləndirilir.
Cəmiyyətin kapitalında SOCAR 49%, dövlət 51% pay sahibidir. Azərbaycan Dövlət Neft Fondu dövlətin “Cənub Qaz Dəhlizi” QSC-də iştirak payının maliyyələşdirilməsini təmin edib.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
N.Abbasova