2018-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neft hasilatı 117 istismar quyusundan həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) mətbuat xidmətindən məlumat verilib.
«Hesabat ilində müqavilə blokunda 14 neft hasilat quyusu və 3 suvurma quyusu qazılıb. 2018-ci ilin sonuna AÇG-də ümumilikdə 117 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub», - deyə məlumatda bildirilir.
2018-ci ildə “Azəri-Çıraq-Günəşli” blokundan hasilat 213 mln. barrel, yəni 29 mln. ton təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən BP şirkəti (layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” 9,57%, “ExxonMobil” 6,79%, ONGC 2,31%, “Inpex Corp.” 9,31%, ITOCHU Oil 3,65%, “Statoil” 7,27%, TPAO 5,73% paya malikdir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 mlrd. həcmində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.*
N.Abbasova