Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliya Respublikasının vətəndaşı, jurnalist Culiano Bifolkinin adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarıb.
“C.Bifolki Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib”, - deyə XİN-in məlumatında qeyd olunur.
Məktubunda o, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirib. C.Bifolki Azərbaycanın ərazilərinə səfərinin bu bölgədə yaradılmış və uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan qanunsuz rejimin təşviqinə heç bir halda xidmət etmədiyini müraciətində xüsusilə vurğulayıb, Ermənistan vasitəsilə Azərbaycan ərazilərinə səfərinin niyyətli olmadığını qeyd edib.
XİN bildirir ki, Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən C.Bifolki gələcəkdə belə səfərlərdən çəkinəcəyini vurğulayıb.
2015-ci ilin dekabr ayında italiyalı tədqiqatçı-jurnalist Culiano Bifolki erməni işğalı altında olan Dağlıq Qarabağa səfər edərək qondarma "Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri" Karen Mirzoyandan müsahibə alıb. Müsahibə “Notizie Geopolitiche” portalında dərc edilib.*
F.İsazadə